Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq məsələləri müzakirə edilib. Sessiya noyabrın 23-də İrəvanda Ermənistan tərəfinin sədrliyi ilə keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Öz növbəsində, Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, Paşinyan və Putin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktyabrın 31-də Soçidə keçirilən görüşündən sonra baş verən hadisələr, o cümlədən bir sıra humanitar məsələlərə dair razılaşmaların yerinə yetirilməsi prosesi haqqında fikir mübadiləsi aparıblar.*