2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına sərmayə qoyuluşu 1 milyard 736,62 milyon türk lirəsi (cari məzənnə ilə $93,4 milyon) təşkil edib. Bu barədə holdinqin məlumatında deyilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-sentyabr aylarında “Petkim Petrokimya Holding”in inkişafına 582 milyon TL sərmayə qoyulub. Beləliklə, 2022-ci ilin hesabat dövrü ərzində sərmayələrin həcmi 3 dəfə artıb.
““Petkim” 2022-ci il ərzində zavodların modernləşdirilməsinə, xüsusilə texnologiyanın inkişafına, enerji səmərəliliyinin yüksəldilməsinə, əməyin və ətraf mühitin mühafizəsi tədbirlərinə sərmayə qoyuluşunu davam etdirəcək”, - “İnterfaks-Azərbaycan” agentliyi holdinqə istinadən məlumat verir.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində “Petkim Petrokimya Holding”in müəssisələrində 2 milyon 452,541 min ton (azalma 24%) məhsul istehsal olunub. Bu dövrdə şirkət tərəfindən 1 milyon 963,919 min ton (azalma 0,4%) neft-kimya məhsulları satılıb.
2022-ci ilin yanvar-mart aylarında “Petkim”in istehsal güclərindən istifadə əmsalı 71,5% (ötən ilin müvafiq dövründə 92,2%) təşkil edib.
Xəbər verildiyi kimi, SOCAR “Petkim” neft-kimya kompleksinin inkişafına hər il təxminən $100 milyon sərmayə yatırır. 2022-ci ildə şirkət bu məqsədlər üçün böyük həcmdə investisiya qoymağı planlaşdırır. Söhbət kompleksə daxil olan müəssisələrin mövcud istehsal güclərinin artırılmasından yox, bu güclərdən istifadənin səmərəliliyinin artırılmasından gedir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.**
N.Abbasova