Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olan ölkələri təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı fəallaşdırmağa çağırıb.
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib”, - deyə dövlət başçısı noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o vurğulayıb ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib.
“Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”, - deyə İ.Əliyev qeyd edib.*
A.Əzizov