Ankara türk dövlətləri ilə bütün istiqamətlərdə fəal əməkdaşlığa hazırdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ticarət, nəqliyyat və enerji sahələri TDT çərçivəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.
“Ankara uzun müddətdir Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi və regionun enerji təhlükəsizliyinə töhfə verilməsi istiqamətində təşəbbüslər həyata keçirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi dünya miqyasında ən uğurlu enerji təşəbbüslərindən biridir”, - deyə Ərdoğan qeyd edib.
O, həmçinin Cənub Qaz Dəhlizi layihəsinə də diqqət yönəldib. “Onurğa sütununu Trans-Anadolu qaz kəmərinin (TANAP) təşkil etdiyi bu boru kəməri əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər (ildə 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər – İF). Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir”, - deyə prezident vurğulayıb.
Ərdoğan Türk İnvestisiya Fondu layihəsinin ən qısa vaxtda reallaşmasının, eləcə də elm sahəsində əməkdaşlığın vacibliyini də diqqətə çatdırıb.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Türkiyə lideri qeyd edib ki, Ankara haqlı mübarizələrində olduğu kimi, sülh axtarışında da qardaş Azərbaycanın yanındadır.*
Xəbərlər şöbəsi