Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı düşmənçilik səhifəsini çevirməyə, daha çox insan itkisi və zərərlərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırır.
“Aİ Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır. Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda dayanıqlı iştirakını yüksək qiymətləndirir”, - deyə Aİ Xarici Siyasət İdarəsinin 44 günlük Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilir.
“Bu danışıqlar şübhəsiz ki, mürəkkəb və zaman tələb edən olsa da, irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək və regionda bütün əhalinin rifahı üçün təhlükəsiz və firavan mühiti təmin etmək çox vacibdir”, - deyə bəyanatda qeyd olunur.
Aİ tərəfləri ritorikalarını yumşaltmağa və bir-birlərinə qarşı təhdid və iddialardan çəkinməyə, gərginliyin hər hansı lüzumsuz artmasına yol verməməyə çağırır.
Bəyanatda deyilir ki, Avropa İttifaqı hər iki tərəfin təkliflərinə fəal reaksiya verməkdə davam edəcək və qalan bütün məsələlərin hərtərəfli və ədalətli həlli istiqamətində görülən işlərdə onları dəstəkləyəcək.*