2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 827,4 manat (cari məzənnə ilə $486,7) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 sentyabr 2022-ci il tarixinə ölkədə orta aylıq nominal əmək haqqı 829 manat ($487,6) təşkil edib.
2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 min nəfər və ya 1,7% artaraq 1727,9 min nəfər olub, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə