2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın beynəlxalq hava limanları 4,4 milyondan çox sərnişinə xidmət göstərib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
Bu ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
AZAL və “Buta Airways” aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstərib. Bu, beynəlxalq daşımaların ümumi sayının 38%-ni təşkil edir.
Bu ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirib. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.
Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilib.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 2 dəfə çoxdur.*
N.Abbasova