Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə Rusiya variantının hələ də aktual olub-olmaması ilə bağlı suala cavab verməlidir.
“Rusiya tərəfi təklif etdiyi variantın qüvvədə olub-olmaması sualına cavab verməlidir”, - deyə o, İctimai Televiziyanın efirində bildirib.
Paşinyan, həmçinin qeyd edib ki, Qarabağ ətrafında və Ermənistanla Azərbaycan arasında silahsızlaşdırılmış zonanın yaradılması təklifi gələcəkdə müzakirə mövzusu ola bilər.
Onun sözlərinə görə, İrəvan 2022-ci ilin sonuna qədər Bakı ilə sülh sazişi imzalamağa çalışır. “Ermənistan sülh sazişinin ilin sonuna qədər imzalanması üçün əlindən gələni edəcək. Sazişin bir neçə variantı var”, - deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, sülh sazişi qüvvəyə minənədək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi başa çatmalıdır.*