Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Füzuli şəhərində 8,9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Tender 2 lot üzrə keçirilir:
Lot-1 - 25, 26, 27, 28, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-2 - 32, 33, 34, 35, 36, 37 və 38 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
İştirak haqqı hər bir lot üzrə 1200 manatdır.
Telefon: (+99412) 594-54-01, daxili 239, əlaqələndirici şəxs – Vüqar Əliyev. E-mail: vugar.aliyev@mida.gov.az.
Şərtlərə görə, podratçının son 3 il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15000 m2 təşkil etməli; tikinti-quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
İddiaçılar öz tender təkliflərini 26 dekabr 2022-ci il saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi zərfləri 27 dekabr 2022-ci il saat 15:00-da açılacaq.
Tender predmetinin qiyməti $3 milyonu ötür.
“MİDA” MMC tərəfindən Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 24 çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar daha əvvəl keçirilmiş açıq tenderlərin nəticələrinə əsasən, 1, 2, 3, 4, 5 və 6 nömrəli yaşayış binalarının tikintisi üzrə "El-Seym İnşaat" QSC və "SNT İnşaat Şirkəti" konsorsiumu (14 milyon 436 min 428,72 manat), 7, 8, 9, 10, 11 və 12 nömrəli yaşayış binalarının tikintisi üzrə "Merkuri-İnşaat" MMC və "Araz İnşaatçı" MMC konsorsiumu (13 milyon 955,913 min manat), 13-18 nömrəli yaşayış binalarının tikintisi üzrə “T.T.Ş İnşaat” şirkəti (11 milyon 631 min 733,47 manat) qalib müəyyən edilib. 19-24 nömrəli yaşayış binalarının tikintisi üzrə dördüncü tenderin qalibi hələ müəyyən edilməyib.*
R.Kərimov