Noyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
“Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Mövlud Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Xəbər verildiyi kimi, noyabrın 13-də İstanbulun Beyoğlu rayonunda, Taksim meydanı yaxınlığında partlayış baş verib.
Son məlumatlara görə, İstiqlal prospektində partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb.*
R.Kərimov