2022-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40 milyard 402,8 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 22 milyard 698,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 2,2%), 17 milyard 704,4 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,6%) satılıb.
2022-ci ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 51,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,4%, fərdi sahibkarlar üzrə 2,1%, bazar və yarmarkalarda isə 4% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 175,9 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb.**
B.Rüstəmbəyov