2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş 1 259 yol-nəqliyyat hadisəsi nəticəsində 599 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində həlak olan və yaralanan şəxslərin sayı 9,8% artaraq 1698 nəfər olub, 599 nəfər həlak olub, 1099 nəfər yaralanıb və xəsarət alıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5%-ni, yaralananların isə 71,3%-ni kişilər təşkil edib.
9 ay ərzində sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Onlardan 4 yol qəzası minik avtomobil sürücüləri təəfindən törədilib.
Hesabat dövründə yol qəzalarının 40,4%-i piyadalrın vurulması ilə əlaqədar olub.
“Bütün yol-nəqliyyat hadisələrinin 40,4%-i nəqliyyat vasitələrinin və piyadaların, 37,3%-i bir neçə nəqliyyat vasitəsinin, 22,3%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib”, - Komitədən bildirilir.
Statistik məlumatlara əsasən, hadisələrin 47,1%-i gündüz, 38,6%-i gecə, 14,3%-i isə toran vaxtı baş verib, 30,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
X.Nəsirzadə