2022-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 774,5 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8% artıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 585,4 milyon manatı və ya 55,9%-i məhsul istehsalı sahələrinə, 4 milyard 457,5 milyon manatı (37,9%-i) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 731,2 milyon manatını və ya 23,2%-ni xarici, 9 milyard 43,3 milyon manatını və ya 76,8%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 663,9 milyon manatı və ya 73,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov