Sahibkarlığın İnkişafı Fondu 2022-ci il üzrə beynəlxalq standartlar üzrə maliyyə hesabatlarının auditorunu seçib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, seçim kotirovka sorğusu üsulu ilə keçirilib.
www.tender.gov.az saytının məlumatına görə, "Baker Tilly Audit Azerbaycan".QSC auditor olub.
Auditor xidmətlərinin dəyəri – 47,2 min manatdır.
Şərtlərə əsasən, audot 15 noyabr 2022-ci il tarixindən gec olaraq başlamamalıdır. Xarici audit üzrə rəy 15 mart 2023-cü ilədək Fonda təqdim olunmalıdır.
SİF-in 2021-cu il üzrə maliyyə hesabatının auditi də "Baker Tilly Audit Azerbaycan" QSC tərəfindən həyata keçirilib.
1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
R.Əhmədov