Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $76,2 milyon satıb.
Noyabrın 10-da keçirilən hərracda banklara $22,8 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $76,2 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-oktyabr aylarında valyuta hərraclarında $4 milyard 179,2 milyon məbləğində xarici valyuta (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 13,7%) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.*
R.Əhmədov