Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,6% artıb.
Sənaye məhsulunun 76,4%-i mədənçıxarma sektorunda, 19,9%-i emal sektorunda, 3,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9%, maşın və avadanlıqların istehsalı 45%, elektrik avadanlıqlarının istehsalı 41,4%, geyim istehsalı 37,6%, mebel istehsalı 32,9%, poliqrafiya məhsullarının istehsalı 24%, kağız və karton istehsalı 17,2%, əczaçılıq məhsullarının istehsalı 16,9%, tikinti materiallarının istehsalı 14,9%, hazır metal məmulatlarının istehsalı 12,9%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,5%, kompüter, elektron və optik məhsulların istehsalı 10,3%, qida məhsullarının istehsalı 8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 5,4%, kimya sənayesi məhsullarının istehsalı 3,8% artıb, tütün məmulatlarının istehsalı 2,4%, içkilərin istehsalı 4,2%, neft məhsullarının istehsalı 6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 30,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
X.Nəsirzadə