Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlayıb. Bu barədəUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından məlumat verilib.
Məktubda Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.
Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib.
Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.
Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu təşkilatın dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.*
R.Kərimov