“Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclasında 2023-cü ilin büdcə layihəsi müzakirə edilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.
“Azəralüminium” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanıb.
“Büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında yaranmış vəziyyət nəzərə alınıb. Xüsusilə son illərdə COVID-19 pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərərlərin ardınca 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, qlobal alüminium sənayesində azalmaqda davam edən iqtisadi fəallıq, ənənəvi loqistik marşrutlardakı problemlər və digər bu kimi səbəblərdən bir sıra ciddi risklər yaranıb və dünya iqtisadiyyatı staqflyasiya təhlükəsi ilə üz-üzə qalıb”, - deyə məlumatda bildirilir.
Dünya birjalarındakı kəskin volatillik uzunmüddətli planların qurulmasında çətinliklər yaradıb.
Büdcə layihəsi hazırlanarkən yuxarıda qeyd edilmiş amillər nəzərə alınıb, riskli sayılan satış bazarları və logistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulub.
“Birja qiymətlərinin aşağı proqnozlaşdırıldığı aylarda satış həcminin minimuma endirilməsinə qərar verilibiş, bu səbəbdən dövriyyə vəsaitinə yarana biləcək tələblərin bank krediti xəttindən istifadə yolu ilə qarşılanması planlaşdırılıb. İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə xammal və materialların satınalınmasını ənənəvi qrafiklər ilə deyil, yuxarıda qeyd edilən risklər nəzərə alınaraq daha uyğun qrafiklər üzrə həyata keçirilməsi planı tərtib edilib”, - deyə məlumatda qeyd olunur.
“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külçə və rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir. İllik istehsal gücü 50 min tondur. Müəssisənin məhsullarının 98%-i Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ-a ixrac edilir.*
B.Rüstəmbəyov