Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının noyabrın 14-15-də Dərbənd şəhərində keçirilən 12-ci iclasında komissiyanın 2023-cü il üçün iş planı təsdiq edilib.
“İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi məmnunluqla qeyd edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin gedişatı barədə müzakirə aparılıb, habelə komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.*
R.Kərimov