Prezident İlham Əliyev bildirib ki, Bakı və Tirana iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupun birinci iclasının keçirilməsi üçün hazırlığı sürətləndirməlidir.
“Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq”, - deyə dövlət başçısı noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqayla mətbuata bəyanatla çıxışı zamanı bildirib.*
R.Əhmədov