2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 555,1 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 5 min 572 kq gümüş (artım 40,8%) hasil edilib.
1 noyabr 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 339 kq, gümüş ehtiyatının həcmi 438,7 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı ilə “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti məşğul olur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət “Çovdar”, “Ağyoxuş”, “Tülallar”, “Mərəh” qızıl yataqları, “Filizçay” polimetal filiz yatağı, “Mazımçay” yatağı, “Kürəkçay”, “Göydağ” sahələri, “Dağkəsəmən” qızıl sahəsi və “Daşkəsən” dəmir filizi yataqları qrupunun öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə bağlı işləri yerinə yetirir.
1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə Production Sharing Agreement (PSA) tipli müqavilə imzalanıb. Müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən 3 yeni müqavilə bloku işlənmək üçün “Anglo Asian Mining” şirkətinə verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.**
B.Rüstəmbəyov