2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 123 milyon 844,6 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $46 milyard 299 milyon 9,72 min (2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 1,8 dəfə - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $34 milyard 711 milyon 427,16 min (artım 2 dəfə), idxalın həcmi $11 milyard 587 milyon 582,56 min (artım 24%) təşkil edib.
İxracın strukturunda əsas həcm (93,13%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,87% ərzaq məhsullarının, 0,7% tütün və tütün məhsullarının, 4,69% əczaçılıq məhsullarının, 0,57% gübrələrin, 3,37% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,64% odun və agac məhsullarının, 2,03% geyim və geyim aksessuarlarının, 7,16% qara metallar və onlardan hazırlanan məmulatların, 20,06% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,46% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,77% mebelin, 29,65% digər məhsulların payına düşüb.
Yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 8,796 min özəl və dövlət müəssisəsi və 40,25 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 181 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 49,25%-i), Türkiyə (9,29%), Hindistan (4,57%), İsrail (4,35%), Yunanıstan (3,91%), Böyük Britaniya (2,24%), Xorvatiya (2,74%), Çexiya (1,9%), Rusiya (2,07%) və İspaniya (2,4%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,54%), Türkiyə (15,83%), Çin (14,61%), Almaniya (4,46%), ABŞ (3,4%), Qazaxıstan (3,59%), İran (3,32%), Türkmənistan (3,12%), İtaliya (2,33%) və Yaponiya (2,08%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.**
B.Rüstəmbəyov