Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı həmsöhbətinin Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlara diqqətini yönəldib və bildirib ki, bu iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Bu barədə Azərbyacan prezidentinin Mətbuat Xidmətindən məlumat verilir.
“Dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”, - məlumatda deyilir.
O cümlədən, Əliyev Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Öz növbəsində, Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü iə baş tutduğu dəqiqləşdirilir. **
R.Kərimov