2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 867 milyon 784,82 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,19%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $719 milyon 91,62 min dəyərində (artım 3,2%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 2,07%-i Rusiyanın payına düşüb. 10 ayın yekunları üzrə Rusiya Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında 9-cu yerdədir.
Yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $2 milyard 148 milyon 693,21 min (artım 30,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,54% Rusiyadan idxalın payına düşüb. 10 ayın yekunları üzrə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 429 milyon 601,59 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.*
X.Nəsirzadə