Azərbaycanın Qarabağ bölgəsi 2024-cü ildə xarici turistlər üçün əlçatan olacaq. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev belə hesab edir.
“Hesab edirəm ki, bir il yarımdan sonra (2024-cü ildə - İF-Az) Qarabağ qapılarını dünyanın hər yerindən turistlərin üzünə aça biləcək”, - deyə Nağıyev Rusiyanın “NEWS.ru.” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur böyük turizm potensialına malikdir.
Agentliyin sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər görülür, başqa ölkələrdən investorların cəlb edilməsi üçün investisiya şəraiti yaradılır. “Ancaq başa düşmək vacibdir ki, müharibə bu yaxınlarda başa çatıb və hələ minalardan təmizləmə prosesi gedir. Biz vətəndaşların tam təhlükəsizliyini təmin etmək üçün bir sıra dövlət qurumları ilə işləyirik”, - deyə Nağıyev qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər Tərtər rayonunda, Suqovuşan qəsəbəsində turizm infrastrukturunun təhvil verilməsi planlaşdırılır. “Orada olan su anbarının ətrafında turizm zonasını inkişaf etdirməyə başlamışıq. Biz məcburi köçkünlərin tezliklə bu torpaqlara qayıtması üçün əlimizdən gələni edirik. Bu, həm də turizm üçün çox vacibdir”, - deyə Nağıyev vurğulayıb.
O əlavə edib ki, Qarabağda turizmin inkişafına öz ölkəsinə fayda vermək istəyən azərbaycanlılar sərmayə qoyur, hökumət isə investorlar üçün müəyyən güzəştlərin nəzərdə tutulduğu sənədlər paketi hazırlayır.*
R.Kərimov