Prezident İlham Əliyev Ermənistanın sülh haqqında danışmasını manipulyasiya hesab edir.
“Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər və fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm”, - deyə dövlət başçısı noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o vurğulayıb ki, əgər Ermənistan tərəfi həqiqətən sülh arzulasaydı, Azərbaycanın təklifinə cavab verərdi.
“Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik. Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq. Bununla belə, bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər. Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyir. “Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov