“Unibank” $12 milyon məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi bankın məlumatına istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
İstiqrazların tədavül müddəti 6 il, illik faiz dərəcəsi 8%-dir. Faiz ödənişi hər 90 təqvim günündən bir həyata keçiriləcək.
Bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir.
Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. İkinci mərhələ subordinasiya borcunun cəlb edilməsi ilə kapitalın artırılmasını nəzərdə tutur. Kapitallaşma proqramı ilin sonunadək yekunlaşdırılmalıdır.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Nizamnamə kapitalı 142 milyon 586,4 min manatdır. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 86,6960%-dir). Bundan başqa, “Canley Finance S.A.” şirkəti (Lüksemburq) də 7,3096% payla səhmdarlar sırasında yer alır. Qalan səhmdarların payı 5%-dən çox deyil.*
A.Əzizov