Azərbaycan və Rusiya əlverişli coğrafi mövqeyindən tam istifadə etməli, nəqliyyat və tranzit potensialını daha fəal şəkildə inkişaf etdirməlidir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bu gün azərbaycanlı həmkarı Əli Əsədovla görüş zamanı deyib.
“Biz Rusiya və Azərbaycanın Avrasiyanın və Xəzər regionunun mərkəzində əlverişli coğrafi mövqeyindən tam istifadə etməli, nəqliyyat və tranzit potensialını fəal şəkildə inkişaf etdirməliyik”, - deyə Mişustin bildirib.
O qeyd edib ki, ilk növbədə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil və dəniz infrastrukturunun yaradılmasını nəzərdə tutur.
“Müvafiq yol xəritəsi əsasında artıq bu istiqamətdə işlərə başlanılıb. Biz 2030-cu ilə qədər Şimal-Cənub beynəlxalq dəhlizinin qərb marşrutu ilə yükdaşımaların həcmini ildə 15 milyon tona çatdırmağı planlaşdırırıq”, - deyə rusiyalı baş nazir bildirib.
Mişustin vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı razılaşmalarının icrası xüsusi əhəmiyyət kəsb edir.
“Əminik ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi bütün Cənubi Qafqaz dövlətlərinin maraqlarına cavab verir”, - deyə o əlavə edib.
Mişustin qeyd edib ki, hökumətlərarası dialoq iki ölkə prezidentlərinin qarşıya qoyduğu ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair bütün məsələlərin həllinə yönəlib.
“Söhbət sənaye kooperasiyası, nəqliyyat, enerji və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət kimi prioritet istiqamətlərdən gedir. Biz əməkdaşlığımızın daha yüksək səviyyəyə çatmasında maraqlıyıq və təbii ki, onu ölkələrimizin vətəndaşlarının maraqlarına uyğun olaraq yeni məzmun və konkret layihələrlə zənginləşdirmək istəyirik”, - deyə RF hökumətinin sədri vurğulayıb.*