Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsində iştirakda maraqlıdır. Bu barədə AYİB-in infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bəyan edib.
“Azərsu” ASC-də Qordeyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi “Azərsu”nun mətbuat xidmətinə istinadən məlumat verir ki, Qordeyeva AYİB-in Azərbaycanda infrastruktur layihələrində iştirakından məmnunluğunu vurğulayıb və sudan səmərəli istifadə, kənd yaşayış məntəqlərinin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib.
Qordeyeva Gəncə şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 31 yanvar 2022-ci il tarixndə bəyan edib ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsinin dəyəri 800 milyon manat həcmində qiymətləndirilir, indiyədək layihənin 42%-i icra olunub. Həmçinin, dövlət başçısı qeyd edib ki, bu layihənin icrasının sürətləndirilməsi məqsədilə əlavə tapşırıqlar verilib. **
B.Rüstəmbəyov