31 dekabr 2020-ci ildən etibarən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya ixrac olunan Azərbaycan qazının həcmi 18 milyard kubmetri ötüb. Bu barədə TAP AG şirkətindən məlumat verilib.
“Kommersiya əməliyyatlarının başlanmasından TAP vasitəsi ilə Yunanıstan, İtaliya və Bolqarıstana 18 milyard kubmetrdən çox qaz təhlükəsiz nəql edilib”, - şirkətin Twitter hesabında deyilir.
“TAP-ın ötürücülük gücü Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər”, - TAP AG şirkətindən əlavə ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 8,2 milyard kubmetri Avropanın payına düşüb. 2022-ci ildə qaz ixracı 22-23 milyard kubmetr həcmində nəzərdə tutulur ki, bunun da 11,5 milyard kubmetri Avropaya ixrac olunacaq.**
R.Kərimov