“AccessBank” QSC $5 milyon məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 5 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 5,5%-dir (kupon faizləri hər 3 təqvim ayından bir ödəniləcək).
“AccessBank” istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaiti kənd təsərrüfatı sektorunun kreditləşdirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
“AccessBank”ın istiqrazları listinqə daxil edilib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).*
R.Əhmədov