Prezident İlham Əliyev bəyan edib ki, Frankofoniya sammitində Fransa və Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.
“Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı”, - deyə dövlət başçısı noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. “Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq”, - deyə İ.Əliyev əlavə edib.*
R.Əhmədov