Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq cəhdləri iflasa uğradı. Bunu Prezident İlham Əliyev deyib.
“Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir”, - deyə dövlət başçısı noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. “Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət sayəsində beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib. “Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə