Noyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, C.Bayramov iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını qeyd edib.
Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.
A.Tayani Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.
“Tərəflər Azərbaycan ilə İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşı olduğunu qeyd ediblər. Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla bildirilib. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TAP qaz boru kəmərinin əhəmiyyətini vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
C.Bayramov İtaliya xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.*
X.Nəsirzadə