2022-ci ilin yanvar-oktaybr aylarında Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən 904,611 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə DGK-dən məlumat verilib.
Ümumilikdə, bu dövr ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub.
Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib.Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb.
Bundan başqa, 10 ay ərzində 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
2022-ci ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 66 nəfər: 65-i kişi, 1-i qadın olmaqla 21 nəfər Azərbaycan vətəndaşı, 45 nəfər əcnəbi (25 İran, 7 Rusiya, 10 Türkiyə, 1 Qazaxıstan, 1 Maldiv və 1 Pakistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Tranzit yolla daşınan narkotiklərin hərəkət marşurutunun 7-si İran-Azərbaycan-Gürcüstan, 5-i İran-Azərbaycan-Rusiya, 3-ü İran-Azərbaycan-Türkiyə-Almaniya, 2-i İran-Azərbaycan-Türkiyə-Polşa, 2-i İran-Azərbaycan-Türkiyə-Niderland, 2-i Gürcüstan-Azərbaycan-Qazaxıstan, 2-i İran-Azərbaycan-Türkiyə 1-i İran-Azərbaycan-Türkiyə-Bolqarıstan, 1-i İran-Azərbaycan-Ermənistan, 1-i Gürcüstan-Azərbaycan-Rusiya olub. **
B.Rüstəmbəyov