2022-ci ilin yekunları üzrə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Azərbaycanla ticarət dövriyyəsini $300 milyona yaxın səviyyədə proqnozlaşdırır.
“2018-ci ildən etibarən diyarın Azərbaycanla xarici ticarət dövriyyəsi 2 dəfədən çox artıb və 2021-ci il ərzində $250 milyon təşkil edib. Proqnozlarımıza əsasən, cari ilin yekunları üzrə bu göstərici $300 milyon rəqəminə çatacaq”, - Vladimirov deyib.
“İnterfaks-Azərbaycan” agentliyi qubernatorun sözlərinə istinadən məlumat verir ki, Azərbaycan diyarın investisiya portfelində mühüm pay sahibidir. “Bu gün Azərbaycan biznesi Kislovodskda 890 yerlik iki iri sanaroya inşa edir, Levokumsk dairəsində 22 hektar ərazidə istixana layihəsi reallaşdırır, taxıl ixracının logistikasının təminatında iştirak edir”, - o vurğulayıb.
Vladimirov əlavə edib ki, hər il Stavropolda Azərbaycandan 70 minə yaxın qonaq istirahət edir.
“Hər il kurort şəhərlərimizdə - Kislovodsk, Yessentuki, Pyatiqorska Azərbaycandan olan 70 minə yaxın turist istirahət edir. Əminəm ki, yaxın zamanda bu rəqəm 100 minə çevriləcək”, - o qeyd edib.
Qubernator həmçinin, regionda planlaşdırılan yeni xüsusi iqtisadi zonaların yaradılması çərçivəsində əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə Azərbaycandan yeni biznes missiyaları Stavropola dəvət edib. **
R.Əhmədov