Formula-1 rəhbərliyi Azərbaycan Qran Prisinin keçirilməsinə dair 2023-cü ildə başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır. Bu barədə BBC məlumat yayıb.
Müqavilənin 10 il müddətinə uzadılması gözlənilir.
Məlumata görə, Formula-1-in prezidenti Stefano Domenikali Azərbaycan hökuməti ilə 2023-cü ildə Qran Prinin tarixinin aprelin 30-dan aprelin 23-nə keçirilməsi ilə bağlı danışıqlar aparır. “Kral yarışları”nın rəhbərliyi Çindəki mərhələnin ləğv edilməsi ilə bağlı hələ elan olunmamış, lakin qaçılmaz olan qərarla əlaqədar apreldə yarışlar arasında demək olar ki, bir aylıq fasilənin yaranması təhlükəsi səbəbindən bu addımı atmağa məcburdur. Belə ki, 2023-cü ildə Avstraliya Qran Prisi aprelin 2-nə, Çin Qran Prisi aprelin 16-na, Azərbaycan Qran Prisi isə aprelin 30-na planlaşdırılıb. Bakıdakı yarışın vaxtının dəyişdirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Bakıda 2016-cı ildən təşkil olunan “kral yarışları” 2017-ci ildən Azərbaycan Qran Prisi adı altında keçirilir. 2020-ci ildə dünya çempionatının bu mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar ləğv edilmişdi.*
R.Kərimov