Ruben Vardanyan çox zəif siyasətçidir və törətdiyi təxribatlara görə Azərbaycan qarşısında cavab verməli olacaq. Bunu Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Ruben Vardanyanla yox. Azərbaycan Prezidenti ilə razılaşmamaq olmaz. Vardanyan Xankəndiyə hansı məqsədlə gəlib? O, həm də Azərbaycan qanunlarını pozub: sərhədi qanunsuz keçmə, separatçılıq (“dövlət naziri” təyin edildikdən sonra - İF), anti-Azərbaycan çağırışları və bir çox digər pozuntular”, - deyə Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Vardanyanın missiyası vəziyyəti qızışdırmaq və sabitliyi pozmaqdır.
“Vardanyan anlamalı idi ki, Azərbaycanın qanunlarını pozur və Bakının onun hərəkətlərinə reaksiyası çox sərt olacaq. Üstəlik, Azərbaycan və Ermənistanın sülh sazişi imzalamaq və münasibətləri normallaşdırmaq üçün danışıqlar apardığı bir vaxtda. Buna görə də Vardanyanın bütün bəyanatları və hərəkətlərinə bu prizmadan qiymət veriləcək, eləcə də açıq sabotaj və münasibətlərin normallaşması prosesini pozmaq cəhdi kimi qiymətləndirilir. O, buna görə cavab verməli olacaq”, - deyə Ağacanov qeyd edib.
O vurğulayıb ki, Vardanyan təxribat və sabitliyi pozmaq yolunu seçib. “Buna görə də aydındır ki, Bakıda heç kim onunla iş görməyəcək və Azərbaycanda onu Robert Köçəryan, Serj Sarqsyan, Araik Arutyunyan kimi hərbi cinayətkarlara bərabər tutublar”, - deyə ekspert qeyd edib.
“Vardanyan öz hərəkətləri ilə necə deyərlər, uşaq səhvləri edən zəif siyasətçi olduğunu göstərdi. Bəlkə də o, yaxşı maliyyəçi, iş adamıdır, ancaq bir siyasətçi kimi çox zəifdir və üstəlik, uzaqgörən deyil”, - deyə Qarabağ Erməniləri Hərəkatının rəhbəri vurğulayıb.
Ağacanov Fransa Senatının qəbul etdiyi anti-Azərbaycan qətnaməsini də şərh edib. “Hesab edirəm ki, Fransa bu cür addımlarla təxribatçı rolunda çıxış edir və İrəvanın Bakı ilə münasibətlərinin normallaşmasına qətiyyən kömək etmir. Əksinə, Paris vəziyyəti qızışdırır və erməni revanşistlərin iltihablı beynini xam xəyallarla doldurur. Erməni xalqı dəfələrlə ona çox vədlərin verildiyi, ancaq bu vədlərin heç birinin yerinə yetirilmədiyi vəziyyətlə üzləşib. Nəticədə əli hər şeydən çıxmış erməni xalqı həmişə öz problemləri ilə baş-başa qalıb. Biz bunu bu gün də görürük. Ermənistanın gələcəyi və rifahı Azərbaycan və Türkiyə ilə normal və mehriban qonşuluq münasibətləri, Qarabağ erməniləri üçün isə Azərbaycan cəmiyyətinə inteqrasiyadır. Ümid edirəm ki, 2022-ci ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq”, - deyə Ağacanov əlavə edib.*
Xəbərlər şöbəsi