Biləcəri-Yalama dəmir yolu hissəsinin yenidən qurulması Rusiya istiqamətində yükdaşımaların həcmini iki dəfə artırmağa imkan verəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
“Rusiya və Azərbaycan dəmir yolu xətləri arasında birləşmə Yalama stansiyasında həyata keçirilir. İkitərəfli razılaşmaya əsasən, iki istiqamətdə yük dövriyyəmiz gündə 20 qatara, yəni hər istiqamətdə 10 qatara çatır. Bundan əlavə, müstəsna hallarda bu rəqəmin birtərəfli 12-yə çatdırılması ilə bağlı razılaşmamız var. Ancaq bu da maksimal hədd deyil”, - deyə o, “news.ru” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Yalama” dəmir yolu stansiyasında yüklərin hərəkətinə şərait yaradan əlavə işlərin (işıqlandırma, hərəkətin təhlükəsizliyinin təmin edilməsi) həyata keçirilməsi ilə əlaqədar qatarların sayının artırılması üçün potensial var.
“Rusiya istiqamətində əsas çətinlik ondan ibarətdir ki, Biləcəri-Yalama dəmir yolunun hissəsi yenidən qurulur və biz ondan tam istifadə edə bilmirik. Biz bütün işləri tez bir zamanda başa çatdırmağa çalışırıq, çünki bu seqmentin tam istismara verilməsi yolun ötürücülüyünü iki dəfə artıracaq”, - deyə R.Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, ADY dəmir yolu marşrutlarının elektrikləşdirilməsini planlaşdırır. “Bu işlərin bir hissəsi artıq yerinə yetirilib. Məsələn, Bakı-Böyük Kəsik hissəsində elektrikləşdirilmə tam həyata keçirilib. Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyanla, Bakı-Ucar hissəsi isə daimi cərəyanla təmin edilib. Biz tezliklə bütün marşrutları dəyişən cərəyanla təmin etməyi planlaşdırırıq. Biləcəri-Yalama sahəsi də elektrikləşdirilib, İranla sərhəddə 192 kilometrlik Osmanlı-Astara hissəsi isə hələ elektrikləşdirilməlidir, biz bunu növbəti mərhələdə həyata keçirməyi planlaşdırırıq. Marşrutun tam elektrikləşdirilməməsi daşımalar üçün problem yaratmır, infrastrukturumuz kifayət edir. Ancaq biz xəttin tam elektrikləşdirilməsi üzərində fəal işləyirik”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov