Bakı və Belqrad strateji tərəfdaşdır, hər zaman beynəlxalq arenalarda bir-birini dəstəkləyir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
“Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya ilə Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini dəstəkləyir. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir. Bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Prezident Vuçiçlə dostluq amili Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynayıb.
“Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə