Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, ölkəsi üçün mühüm məsələləri müzakirə etmək məqsədilə 2022-ci ilin sonunadək Azərbaycana səfər edəcək.
“Bu gün biz bir sıra sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzaladıq. Görüşümüz zamanı enerji, gübrə çatışmazlığı, neft qurğularının təmiri, hərbi-texniki, kənd təsərrüfatı və beynəlxalq məsələləri müzakirə etdik”, - deyə o, noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir.
“Bu gün Azərbaycanın qaz ixracı 22 milyard kubmetr təşkil edir. Bu həcm əsasən Avropa ölkələrinə nəql olunur. 7 ildən sonra bu həcm 35 milyard kubmetrə çatacaq. Biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
O əlavə edib ki, yaxın 20 gün ərzində Azərbaycana səfər edəcək. “Səfər çərçivəsində Serbiya üçün çox mühüm məsələləri müzakirə edəcəyik”, - deyə Serbiya Prezidenti vurğulayıb.*
B.Rüstəmbəyov