Rusiya prezidenti Vladimir Putin bu gün KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən sessiyasında ümidvar olduğunu bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar yekunda sülh müqaviləsinin bağlanmasına imkan verəcək.
O, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib. “Aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. Birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik təsdiqlənib”, - deyə RF lideri qeyd edib.
Putin əmindir ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail olmaq mümkündür.
“Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, - deyə o vurğulayıb.*