Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və “Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni imzalamaqdan imtina edib.
Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı Azərbaycanın Ermənistana qarşı hərəkətlərinə təşkilatın siyasi qiymət verməsinin vacibliyini vurğulayıb.
“Siyasi qiymətləndirmə, ilk növbədə, mənəvi nöqteyi-nəzərdən zəruridir, çünki bu, müttəfiqlik münasibətlərinin məntiqi təzahürü olmalıdır. Əlbəttə, bu, həm də ölkəmizin ərazi bütövlüyünün bərpası baxımından vacibdir”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan qoşunlarının əvvəlki mövqelərinə (11 may 2021-ci il tarixinə olan vəziyyətə görə) qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə zəruri siyasi-diplomatik işin sürətləndirilməsini təklif edir.*