Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişafı strategiyası hazırlamaq niyyətindədir. Bu barədə AMB-nin sədri Taleh Kazımov bəyan edib.
“Gələn ilin yanvar ayından etibarən beynəlxalq konsultantlarla birgə maliyyə sektorunun inkişafı strategiyası hazırlamaq istəyirik. Strategiya 3 ilik dövrü əhatə edəcək”, - Kazımov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, strategiya iki hissədən ibarətdir: AMB-nin transformasiyası və sektorun transformasiyası. Sədr hesab edir ki, AMB tənzimləyici kimi bazarın inkişafı məqsədilə qabaqcıl informasiya texnologiyalarının fəal və geniş tətbiqi üçün daha artıq səy göstərməlidir.
O, həmçinin qeyd edib ki, “Ödəniş sistemləri haqqında” qanunun qəbulu gözlənilir. “Bu, fintex sektorunun qanunvericiliyi nöqteyi-nəzərindən böyük nailiyyət olacaq. O cümlədən, biz bir neçə gündən sonra “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərin təsdiqini gözləyirik. AMB-Sandbox xüsusi tnzimlənmə rejiminin tətbiqi planlaşdırılır, hansı ki, bütün startap müraciətləri test rejimində yoxlamağa imkan yaradacaq”, - Kazımov deyib.
Eyni zamanda, sədr bildirib ki, hazırda AMB Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə maliyyə sektorunun kibertəhlükəsizlik strategiyasını hazırlayır. “Bu, bütövlükdə maliyyə sektorunda minimum tələblərin təminatı üçün AMB-nin ayrıca istiqaməti olacaq”, - Kazımov qeyd edib. **
X.Nəsirzadə