Serbiya Bolqarıstan-Serbiya interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycandan qaz nəqlinin təşkilinə ümid edir.
“Serbiya-Bolqarıstan qaz interkonnektorunun tikintisi başa çatandan sonra bizim Bolqarıstan-Yunanıstan (IGB) interkonnektoru vasitəsilə Cənub Qaz Dəhlizinə qoşulmaq imkanımız olacaq. CQD ilə birləşmə Serbiyanı Azərbaycandan, yəni Xəzər dənizində Şahdəniz qaz yatağından təbii qaz ilə təchiz etməyə imkan yaradacaq”, - Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Djedoviç çərşənbə günü Belqradda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüş zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Serbiya nazirliyinə istinadən məlumat verib ki, Djedoviç və Şahbazov energetika sahəsində ikitərəfli əməkdaşlığın intensivləşməsini müzakirə ediblər.
Djedoviç qeyd edib ki, Belqrad təbii qaz tədarükünün bütün mümkün şaxələndirilmə mənbələri və istiqamətləri üçün açıqdır və vurğulayıb ki, bu mənada Azərbaycanla əməkdaşlıq Serbiyanın enerji təhlükəsizliyinin artımına şərait yaradacaq.
O əlavə edib ki, Azərbaycandan əlverişli şərtlərlə elektrik enerjisinin idxalı qış aylarında vətəndaşların və iqtisadiyyatın stabil təchizatına imkan yaradacaq.
“Həmçinin, tərəflər 1 iyun 2022-ci il tarixli enerji əməkdaşlığına dair hökumətlərarası saziş çərçivəsində gələcək addımları müzakirə ediblər”, - nazirlikdən vurğulanır. **
R.Kərimov