Hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən Açıq bankinq (Open Banking) üzrə “Yol Xəritəsi” hazırlanır. Bu barədə AMB-nin İT Departamentinin rəhbəri Sahib Həsənov bəyan edib.
“Hazırda Açıq bankinq üzrə Yol Xəritəsinin hazırlığı üzərində iş gedir. Bu Yol Xəritəsi 2025-ci ilədək (daxil olmaqla - İF) dövrü əhatə edir”, - Həsənov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, Açıq bankinq həm maliyyə alətlərinin, həm də ümumilikdə iqtisadiyyatın inkişafına imkan verəcək.
Bundan əlavə, Həsənov qeyd edib ki, Açıq bankinqin beynəlxalq standartlar əsasında API standartlarının hazırlanması planlaşdırılır. “Bu gün API standartları dünyanın 60 ölkəsində tətbiq olunur”, - Həsənov bildirib.
O əlavə edib ki, Open Banking-in tətbiqi üçün Azərbaycanın qanunvericiliyinə müvafiq dəyişikliklərin daxil edilməsi planlaşdırılır.
Öncə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasının bank üçün vacib istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb: “Open Banking” yanaşmasını inkişaf etdirməliyik, istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi çərçivələrin yaradılması üzərində işləyirik. Bundan başqa, planlarımıza yerli reytinq agentliklərinin yaradılması da daxildir. Yaxın illər üçün prioritetlərimiz bunlardır”.
X.Nəsirzadə