Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Azərbaycan ərazilərində hərbi cinayətlər törətməkdə ittiham edib.
XİN-in bəyanatında qeyd olunur ki, cari ilin avqust ayından etibarən Azərbaycan-Ermənistan sərhədində, həmçinin Qarabağ iqtisadi rayonu ərazisində 2700-dən artıq mina aşkarlanaraq zərərsizləşdirilib.
“Cari ilin avqust ayından etibarən Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilmişdir.Həmin minalar 1991-ci ildə Ermənistanda istehsal olunub”, - XİN-in bəyanatında deyilir.
Bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minaların olduğu ərazilərə və minalara baxış keçiriblər.
XİN-dən bildirilir ki, “qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir”.
“Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir”, - XİN-dən bəyan ediblər.
“Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur”, - XİN-dən vurğulanır. **
R.Kərimov