Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab verib və verəcək.
“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan “hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab verib və verəcək”.
“Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”, - Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov