Rəsmi Bakı istəyir ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Dövlət başçısı bildirib ki, hazırda Ermənistanın ritorikasında dəyişikliklər görürük. “İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, - Əliyev qeyd edib.
Əliyev vurğulayıb ki, Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması ona məlum deyil. “Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”, - Azərbaycan prezidenti deyib. **
B.Rüstəmbəyov