Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur.
“Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər?”, - Əliyev cümə günü “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.
Prezident vurğulayıb ki, əgər kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, “biz bunu qəti şəkildə rədd edirik”. “Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq”, - o qeyd edib.
Əliyev əlavə edib: “Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”. **
R.Əhmədov